Uşaqlarda sidik qacırma

Əgər uşaq beş yaşdan sonra gündüz və ya gecə vaxtı sidiyini saxlaya bilmirsə, deməli bir problem var və bu problemi araşdırmaq mütləqdir.
Uşaqların gündüz və ya gecə bir neçə dəfə təkrarlanan sidik qaçırması Enuresis Nokturna (EN) adlanır. Enurez uşaqlıq dövründə ən çox qarşılaşılan sidik sistemi problemlərindən biridir. Normal halda əksər uşaqlar 2-4 yaşlarında sidiklərini həm gecə həm də gündüz saxlamağı bacarırlar. Gecə altını islatmaq çox zaman sidik kisəsi və sinir sisteminin inkişafının gecikməsi nəticəsində baş verir və buna görə də yaş artdıqca belə hallar azalır.
Sidik qaçırmanın səbəbləri fizioloji və ya emosional ola bilər. Əgər bu problem maye qəbulunun azaldılması, qazlı içkilərin qəbul edilməməsi ilə həll olunmazsa, bu məsələnin kökünü tapmaq üçün mütəxəssis dəstəyi almalısınız.
Aşağıdakı səbəblərdən biri və ya bir neçəsi sidik qaçırmaya yol aça bilər:
♦️Anada və ya atada sidik qaçırma probleminin olması;
♦️Uşağın sidik kisəsi əzələlərinin qeyri normal inkişafı
♦️Hədsiz yorğunluq və ya yatmazdan öncə çoxlu mayenin qəbulu
♦️Böyrək və sidik yollarının quruluş anomaliyaları
♦️Stress və qayğı problemləri (Ailə problemləri, evin və ya məktəbin dəyişdirilməsi, ailədə yeni uşağın doğulması və ya bacı – qardaş qısqanclığı kimi səbəblərlə diqqət cəlb etmək istəyi)
♦️Emosional problemlər (Valideynlərin diqqətsizliyi və ya həddən artıq marağı)
♦️Diqqət çatışmazlığı və ya hiperaktivlik
♦️Qəbizliyin sidik kisəsi üzərinə təzyiq göstərməsi
♦️Diabet (Şəkər xəstəliyi)
♦️Yuxu zamanı bədənin antidiuretik hormonunu lazımi qədər ifraz etməməsi
♦️Həddindən artıq aktiv sidik kisəsi sindromu
♦️Kiçik sidik kisəsi
♦️Yuxu zamanı kisənin dolu olduğunu hiss etməməsi
♦️Sidik yolu infeksiyaları.
Ailələr narahat edici olsa da, səbrli olmalı və bunun uşağın günahı olmadığını unutmamalıdırlar. Uşaq şüurlu şəkildə sidik qaçırmaz və bunun qarşısını almağın bir çox yolu var.